Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova bildirib ki, Masallı rayonunun Viləş kəndində Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımız – Aprel döyüşləri şəhidi gizir Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə ev-muzeyi yaradılıb.
Qurban bayramı ərəfəsində Ziba xalanın qonağı olan Arzu Bağırova şəhid qardaşlarımızın ev-muzeyini ziyarət edib. O bildirib ki, muzeydə qəhrəman şəhidlərimizin şəxsi əşyaları, dövlət təltifləri, xidmət zamanı aldıqları təşəkkürnamələr, döyüş geyimləri və ailə fotoları yer alıb. Hər bir eksponat şəhidlərimizin şərəfli həyat və döyüş yolunu əks etdirir, ziyarətçilərdə qürur və ehtiram hissi oyadır.
Muzey barədə məlumat verən iki şəhid anası Ziba Əsgərova və atası Bayram Əsgərov övladlarının keçdiyi döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlardan danışaraq onların vətənə sədaqətindən söz açıblar.
“Bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların sayəsində biz böyük Zəfər qazandıq və bu zəfəri bizə yaşatdıqları üçün onlara sonsuz minnətdarıq,” – deyə Arzu Bağırova bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!