30 oktyabr 2025-ci il tarixində Azərbaycan Avrasiya Françayzinq Forumu tədbirinə ev sahibliyi edəcək.
Doğru.az xəbər verir ki, forum Azərbaycan Françayzinq Assosiasiyasının təşkilatçılığı, KOBİA və AZPROMO tərəfdaşlığı ilə Baku Business Center-də keçiriləcək. Tədbir regional və beynəlxalq françayzinq sektorunun əsas oyunçularını bir araya gətirərək yeni biznes imkanlarını, qlobal trendləri və rəqəmsallaşmanın sektora təsirini müzakirə etmək imkanı yaradacaq.
Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Dubay, Çin və Almaniyadan iş adamları, françayzerlər, investorlar, həmçinin dövlət və özəl qurumların rəhbər şəxsləri iştirak edəcək.
Tədbir çərçivəsində iştirakçılar:
Sərgi stendlərinə baxış və şəbəkələşmə imkanlarından istifadə edə biləcək,
Qlobal və regional brendlərin uğur strategiyalarını öyrənəcək,
Rəqəmsallaşma, süni intellekt və data analitikası sahəsində yeni trendlərlə tanış olacaq,
B2B görüşlər vasitəsilə yeni biznes tərəfdaşları ilə əlaqələr quracaqlar.
Forumun gündəliyində françayzinqin gələcək perspektivləri, pərakəndə ticarət və qida sənayesində uğurlu modellər, həmçinin texnologiyanın françayzinqə təsiri üzrə panel müzakirələri nəzərdə tutulub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və qapalı gala kokteyli təşkil ediləcək.
Avrasiya Françayzinq Forumu 2025 regional iqtisadi inteqrasiyanın gücləndirilməsi və biznes şəbəkələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
DOĞRU.AZ