image-2000x150px
image-123
image-ads_atlas
image-maxresdefaultbackend

Azərbaycan derbisi öncəsi rəqəmli panoram

image-728x90px

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında derbi həyəcanı var.

Sabah əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” sayca 90-cı dəfə çempionatda üz-üzə gələcək. Əvvəlki Azərbaycan derbilərində üstünlük Ağdam klubundadır. “Atlılar” 89 matçın 36-da 3 xalı aktivinə yazan tərəf olub. 23 görüşdə “Neftçi” qalib gəlib, 30 oyun heç-heçə başa çatıb. Top fərqində də “Qarabağ” üstündür – 111:80. Qurban Qurbanovun komandası son 6 görüşdə rəqibini məğlub edib.

Tərəflər arasında ilk çempionat matçı 1992-ci ilin 26 sentyabrında baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1. Derbidə ilk qolun müəllifi “Qarabağ”lı Zaur Qarayev olub.

Ağdam klubu ilk qələbəsini elə həmin ilin oktyabrında “İmarət”də 2:1 hesabı ilə qazanıb. “Neftçi” isə derbilərdə ilk 3 xalı əldə etmək üçün 1994-cü ili gözləməli olub. “Ağ-qaralar” oktyabrın 2-də öz meydanında keçirdikləri oyunda “atlılar”ı 3:2 məğlub etməyi bacarıb.

Azərbaycan derbilərində ilk böyük hesablı nəticə 2000-ci ilə təsadüf edib. Həmin il “ağ-qaralar” “atlılar”ı 4 cavabsız qolla üstələyib. Bu həm də “Neftçi”nin əzəli rəqibi üzərində yeganə böyük hesablı qələbəsidir.

“Qarabağ” isə ilk belə qalibiyyət üçün 2010-cu ili gözləməli olub – 3:0. Daha əvvəl “Neftçi”nin də formasını geyinmiş Georgi Adamiya sabiq komandasını 3 dəfə cəzalandırıb. Bu, derbilər tarixinə ilk het-trik kimi düşüb.

Sonarkı illərdə “Qarabağ” daha 5 dəfə rəqibini 3 və daha artıq top fərqi ilə məğlub etməyi bacarıb. Axırıncısı elə komandaların son duelinə təsadüf edib. “Qarabağ” bu mövsümün 2-ci dövrə matçında səfərdə “Neftçi”yə 4 cavabsız qolla qalib gəlib.

Derbilərdə ən böyükhesablı qələbə isə 2020-ci ildə qeydə alınıb. “Qarabağ” rəqib meydanında “Neftçi”ni 6:0 məğlub edib.

Azərbaycan derbilərinin bombardiri Reynaldodur. “Qarabağ”ın sabiq forvardı paytaxt klubuna 9 qol vurub. Müşfiq Hüseynov 8 dəfə “Neftçi”nin qapısına yol tapıb. Hazırda da “Qarabağ”da çıxış edən Riçard Almeyda isə 6 qol vurub. Ağdamlıların digər futbolçusu Filip Ozobiç də “Neftçi”ni 6 dəfə cəzalandıra bilib. Amma o, bunların 1-ni “Qəbələ”də oynayarkən edib.

“Neftçi”nin heyətində “Qarabağ”a ən çox qol vurmuş futbolçu Qurban Qurbanov olub. Hazırda “Qarabağ”ı çalışdıran mütəxəssis oynadığı vaxtlarda 5 dəfə ağdamlıların qapısına yol tapıb. Nikolas Kanales ikinci sıradadır. Çilili keçmiş hücumçu 4 qol vurub. Hazırda “Neftçi”nin kapitanı olan Emin Mahmudov “Qarabağ”a qarşı 2 dəfə fərqlənib.

Sabah “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da start götürəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki