image-2000x150px
image-123
image-ads_atlas
Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb -FOTOLARbackend

Azərbaycan mədəniyyət naziri və Türkiyə mədəniyyət və turizm naziri arasında görüş keçirilib, əməkdaşlıq sənədləri imzalanıb -FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə səfərdədir.

Səfər çərçivəsində martın 1-də Ankarada Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş keçirilib.

Görüşdə mədəni irs, kitab və nəşriyyat, muzey, kino sənayesi, incəsənət və qeyri-maddi mədəni irs sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qeyd olunan istiqamətlərdə birgə fəaliyyət barədə razılığa gəlinib.
Nazir Nuri Ersoy 44 günlük Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. Nazir Anar Kərimov öz növbəsində Vətən müharibəsində ölkəmizə verilən dəstəyə görə Türkiyə dövlətinə və türk xalqına dərin təşəkkürünü ifadə edib.

Görüşün sonunda ikitərəfli əlaqələrə dair mətbuat konfransı və sənədlərin imzalanması mərasimi keçirilib.
Birgə Mədəniyyət Komissiyasının iclasının yekun protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfdən Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vasif Eyvazzadə və Türkiyə tərəfindən heyət başqanı, Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz imzalayıb.

Protokolda müasir və klassik əsərlərin tərcüməsinin və çapının təşviq edilməsi, teatr, kino, musiqi və digər sahələr üzrə festivallarda qarşılıqlı iştirak, eləcə də birgə festivalların təşkili, qarşılıqlı sərgilər sahəsində əməkdaşlıq məsələləri əksini tapıb. Yaradıcı sənayelər (teatr, musiqi, muzey, kino, nəşriyyat, qeyri-maddi mədəni irs və s.) sahəsində rəqəmsallaşdırma və yeni idarəetmə üzrə əməkdaşlıq və təcrübə mübadiləsi, muzey işi üzrə təhsildə əməkdaşlıq mövzusunun araşdırılması məsələlərinə də sənəddə yer verilib.

Protokolda həmçinin mədəni sərvətlərin qorunması, qarşılıqlı elmi-tədqiqat və bərpa-konservasiya işinin aparılması, qeyd olunan sahələrdə təcrübə mübadiləsi, texniki və ekspert dəstəyinin göstərilməsi, həmçinin mədəni sərvətlərin qaçaqmalçılığının qarşısının alınmasında və qanunsuz olaraq xaricə çıxarılmış mədəni sərvətlərin qaytarılması məsələlərində qarşılıqlı dəstək kimi məsələlər əksini tapıb.

Bundan əlavə, sənəd hər iki ölkədə təşkil olunan kitab sərgi-yarmarkalarında, seminar və konfranslarda, qarşılıqlı iştirak, müəlliflərin səfərlərinin təşviqi, kitabxanaçılıq sahəsində təcrübə mübadiləsi, habelə ortaq mədəni dəyərlərin və görkəmli şəxsiyyətlərin irsinin təbliği istiqamətində qarşılıqlı fəaliyyəti ehtiva edir. UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının əhatə etdiyi birgə çoxmillətli sənədlərin sayının artırılması və qeyri-maddi mədəni irsin qorunması üçün əməkdaşlığın genişləndirilməsi də iclasın protokolunda əksini tapıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında Mədəniyyət üzrə əməkdaşlıq Protokolunun imzalanması üçün zəruri işlərin görülməsi və  Birgə komissiyanın (İşçi qrupunun) növbəti iclasının 2022-ci ildə Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.

Həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk İşbirliği və Koordinasiya Agentliyi Başqanlığı (TİKA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Türk İşbirliği və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Serkan Kayalar imzalayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki