“Əgər bu statistika ilə davam etsə, ola bilər ki, biz yenidən sərt karantin rejiminə keçək”.
“Doğru.az” xəbər verir ki, bunu e-huquq.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov koronavirus infeksiyası ilə bağlı qəbul edilən yeni qaydalar barədə danışarkən deyib.
O bildirib ki, hazırda sms icazənin bərpası və digər sərt qadağalarla bağlı fikir söyləmək tezdir, çünki bu, epidemioloji vəziyyətdən asılı olacaq: “Təəsüflə bildirirəm ki, dünən ciddi artım müşahidə olundu və bu artım yeni məhdudiyyətlər üçün şərait yaradır”.
Millət vəkili vətəndaşları yaranmış vəziyyətlə əlaqədar ehtiyatlı olmağa çağırıb: “Son günlər yaşadığımız həyəcanlı anlara görə, insanlar bəzən karantin qaydalarına diqqətsiz yanaşırlar. Ona görə də hər birimiz yoluxma sayının ciddi hal almaması üçün diqqətli olmalıyıq. Əgər zərurət yaranarsa, Operativ Qərargahda sms icazənin tətbiq olunmasına baxıla bilər. Bu da vəziyyətdən asılı olacaq”.

























