Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi çərçivəsində daha bir tunel tipli yol ötürücüsünün inşasına başlanılıb.
Doğru.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, tunel avtomobil yolunun 3,6-cı kilometrində, mövcud dəmir yolu xəttinin altından keçməklə inşa olunur. Yol ötürücüsünün ümumi uzunluğu 620,6 metrdir ki, bunun 36,6 metri qapalı, 584 metri isə açıq hissədən ibarət olacaq.
Hazırda ərazidə dayaqların qazılması, betonlanması və svayların quraşdırılması işləri görülür.
Qeyd edilib ki, uzunluğu 29 kilometr olan avtomobil yolu 1B texniki dərəcəyə uyğun, 6 hərəkət zolaqlı şəkildə inşa edilir. Layihə çərçivəsində ümumilikdə 9 yol qovşağı, 13 yol ötürücüsü, 1 kanal körpüsü, həmçinin 2 açıq-qapalı tunel tipli yol ötürücüsünün tikintisi nəzərdə tutulub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə icra olunur. Layihənin vaxtında başa çatdırılması üçün əraziyə bütün lazımi texnika və işçi qüvvəsi cəlb edilib.
Yeni yol istifadəyə verildikdən sonra Abşeron yarımadasının şimal-şərqində yerləşən yaşayış məntəqələri Bakı şəhərinə daxil olmadan Bakı–Quba–Rusiya sərhədi istiqamətinə, eləcə də Bakı–Şamaxı–Yevlax yolu vasitəsilə qərb bölgəsinə rahat və səmərəli hərəkət etmək imkanı qazanacaq.
DOĞRU.AZ





























