Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində yeni mərhələyə start verilib.
2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində “Bakı Metropoliteni” QSC ilə Türkiyənin beynəlxalq təcrübəyə malik “Yüksel Proje” mühəndislik və layihələndirmə şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Doğru.az xəbər verir ki, sənədin dəyəri 35,4 milyon manat təşkil edir və satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq bir mənbədən satınalma metodu ilə həyata keçirilib.
Müqavilə çərçivəsində aşağıdakı layihələrin hazırlanması nəzərdə tutulur:
Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyalarının və bu stansiyalar arasında tunellərin layihələndirilməsi;
“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması;
“İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi.
Vergi və inzibati öhdəliklərin Azərbaycan qanunvericiliyinə uyğun yerinə yetirilməsi üçün müqavilə “Yüksel Proje” şirkətinin Azərbaycandakı nümayəndəliyi – “Yüksel Proje” MMC ilə imzalanıb.
Qeyd edək ki, 45 ildən artıq beynəlxalq təcrübəyə malik olan “Yüksel Proje” dünyanın 30-dan çox ölkəsində metro və dəmir yolu layihələrində iştirak edib. Şirkət “ISO 9001”, “ISO 14001” və “ISO 45001” sertifikatlarına sahib olmaqla yanaşı, layihələrində müasir Tikinti İnformasiya Modelləşdirilməsi metodologiyasından istifadə edir.
Yeni əməkdaşlıq Bakı Metropoliteninin strateji inkişafına ciddi töhfə verəcək, şəhərin nəqliyyat yükünü azaldacaq və sərnişinlərə daha rahat şərait yaradacaq.
DOĞRU.AZ