ADA Universiteti bir daha qlobal əhəmiyyətli bir akademik təşəbbüsə ev sahibliyi edir. Enerji diplomatiyası və təhlükəsizliyi sahəsində regionun ən nüfuzlu yay məktəblərindən biri olan Bakı Yay Enerji Məktəbi bu il artıq 19-cu dəfə keçirilir. Proqram ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (İDD), ADA Universitet Fondu, SOCAR, BP və Kolun şirkətinin birgə təşkilatçılığı və dəstəyi ilə baş tutub.
İyunun ikinci yarısında start götürən və iki həftə davam edəcək məktəbə dünyanın müxtəlif ölkələrindən gəlmiş gənc diplomatlar, enerji üzrə ekspertlər, tədqiqatçılar və tələbələr qatılıblar. Proqramda 14 ölkədən – Azərbaycan, Almaniya, Bolqarıstan, Çili, İspaniya, İtaliya, Pakistan, Tanzaniya, Türkiyə, Vyetnam, Xorvatiya, Yunanıstan, Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqdan 40 dan çox iştirakçı qatılıb. Tədbir iştirakçıları regional və qlobal enerji siyasəti, enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, yaşıl enerji keçidi və iqlim dəyişikliyi mövzularında müzakirələrə qatıldıqlar.
Tədbirin açılış mərasimində ADA Universitetinin prorektoru və İDD direktoru Fariz İsmayılzadə Bakı Yay Enerji Məktəbinin artıq 20 ilə yaxın bir müddətdə regional və beynəlxalq enerji gündəmini formalaşdıran mötəbər bir intellektual platformaya çevrildiyini qeyd etdi.
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva öz çıxışında Azərbaycanın energetika siyasətinin dayanıqlılıq, çeviklik və regional əməkdaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. O, enerji məktəbi iştirakçılarını cəmiyyət və sənaye arasında körpü qura biləcək mütəxəssislər kimi yetişməyə çağırıb.
BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxşiyar Aslanbəyli isə çıxışında BP-nin Azərbaycanda 30 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, yaşıl enerji keçidində yeni dövrün başlandığını vurğulayıb:
Təlim proqramına enerji hüququ, enerji geosiyasəti, enerji iqtisadiyyatı, bərpa olunan enerji texnologiyaları, karbonsuzlaşdırma strategiyaları və iqlim diplomatiyası kimi müxtəlif mövzular daxildir. İştirakçılar ADA Universitetində keçirilən mühazirələr və panel diskussiyalardan əlavə, ölkənin strateji enerji obyektlərinə səfərlər də edəcəklər.
Bundan əlavə, məktəb çərçivəsində diplomatik debatlar, simulyasiya oyunları, komanda əsaslı layihələr, beynəlxalq qonaqlarla açıq forumlar və interaktiv sessiyalar təşkil olunur. Bu sessiyalar gələcək enerji liderlərinin tənqidi düşünmə və qərarvermə bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub.
Tədbir, Azərbaycanın enerji sektorundakı modernləşmə və innovasiya səylərinin beynəlxalq auditoriyaya tanıdılması baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də enerji siyasətində iştirak edən qlobal düşüncə liderləri yetişdirən bir mərkəzə çevrilməkdədir.
19-cu Bakı Yay Enerji Məktəbi bir daha sübut edir ki, ADA Universiteti təkcə akademik bilik verən bir ali məktəb deyil, həm də regionun enerji diplomatiyasını formalaşdıran intellektual mərkəzdir. İki həftəlik bu intensiv proqram yalnız iştirakçılar üçün deyil, həm də Azərbaycanın qlobal enerji siyasətində tutduğu yerin və baxış bucağının nümayişi baxımından böyük əhəmiyyət kəsb edir.
DOĞRU.AZ