Doğru.az Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtdakı 201 nömrəli tam orta məktəbdə 20 ildən çoxdur çalışan üç müəllim eyni vaxtda işdən azad edilib.
Müəllimlər iddia edirlər ki, buna səbəb məktəbin direktoru Afaq Əliyeva ilə bağlı müvafiq qurumlara etdikləri şikayətlərdir. İşdən çıxarılan pedaqoqlardan biri Saleh Məmmədov deyib ki, direktor şəxsi intriqaları səbəbindən onu qərəzli şəkildə işdən uzaqlaşdırıb. Digər müəllim Kəmalə Mönsümova da həmkarlarının fikirlərini bölüşüb.
Doğru.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri Üzrə Təhsil İdarəsindən açıqlama verilib. Bildirilib ki, adıçəkilən müəllimlər təhsil müəssisəsinin iş ahəngini, “Təhsilverənlərin etik davranış Qaydaları”nı və əmək qanunvericiliyinin tələblərini, həmçinin məktəbin daxili nizam-intizam qaydalarını pozduqlarına görə Həmkarlar Komitəsinin qərarı ilə işdən azad olunublar.
Qeyd edək ki, məktəb direktoru Afaq Əliyeva barəsində bir neçə məhkəmə işi olub və onların hər birini uduzmasına baxmayaraq, hələ də vəzifəsini icra edir.
Ətraflı süjetdə.