Paytaxt Bakıda “Türkiyə–Azərbaycan Qardaşlığı Təhsil Forumu” keçirilərək iki ölkə arasında elmi və tədris sahəsində əlaqələrin dərinləşdirilməsinə xidmət edib.
Baki-baku.az-ın məlumatına görə, forumun əsas qonağı Üsküdar Universitetinin qurucu rektoru, tanınmış psixiatr və neyroelm mütəxəssisi professor Nevzat Tarhan olub. Onun seminarı iştirakçıların böyük marağına səbəb olub.
Professor Tarhan çıxışında müasir təhsilin yalnız akademik biliklərdən ibarət olmamalı olduğunu, şəxsiyyətin formalaşmasında mənəvi və etik dəyərlərin mühüm rol oynadığını bildirib. Onun fikrincə, müəllim sadəcə məlumat verən deyil, eyni zamanda örnək olan lider olmalıdır.
Seminar zamanı professor texnologiyanın, xüsusilə süni intellektin təhsildəki faydalarına da toxunub. O vurğulayıb ki, rəqəmsal vasitələr şagirdlərin tənqidi düşüncə və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdə mühüm alətə çevrilə bilər. Bununla yanaşı, Tarhan qeyd edib ki, bu texnologiyalar müəllimlə şagird arasında yaranan canlı ünsiyyəti əvəz edə bilməz.
Forum zamanı müxtəlif bölgələrdən gəlmiş 500-dən artıq müəllim aktual mövzularda müzakirələr aparıb, təhsildə dəyərlərin rolu, motivasiya üsulları və müasir tədris yanaşmaları barədə fikir mübadiləsi olub. İştirakçılara sonda sertifikatlar təqdim edilib.
Bildirilib ki, bu forum Türkiyə və Azərbaycan arasında təhsil sahəsində strateji əməkdaşlığın inkişafına, ortaq dəyərlərin qorunub saxlanmasına və gələcək nəslin sağlam şəkildə yetişdirilməsinə töhfə verən önəmli addımdır.
DOĞRU.AZ