Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiqlənmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında kürüləmə dövrü ilə əlaqədar tətbiq edilən moratorium 1 sentyabrda başa çatır.
Doğru.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, həmin tarixdən etibarən balıq ovu müddəti açıq elan olunur. Bununla yanaşı, qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi tərəfindən Xəzər dənizi və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri görüləcək.
Nazirlik balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxsləri mövcud qaydalara ciddi əməl etməyə, qadağan olunmuş alətlərdən istifadədən və müvafiq icazə bileti olmadan ov etməkdən çəkinməyə çağırıb. Qaydalara zidd hərəkət edənlər İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyacaqlar.
Qanunsuz balıq ovu halları ilə rastlaşan vətəndaşlardan Balıqçılıq və Akvakultura Mərkəzinə və DİN-in Su Nəqliyyatında Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
📞 Əlaqə nömrələri:
Kənd Təsərrüfatı Nazirliyi Çağrı Mərkəzi: 1652
DİN Su Nəqliyyatında Polis İdarəsi: 012 433 38 02 / 012 433 38 12 / 012 433 38 22