Noyabrın 17-19-da Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) baş tutacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlarda XXI əsr bacarıqlarının inkişafı, yaradıcı gənclərin aşkara çıxarılması və innovativ həllərin hazırlanmasının stimullaşdırılmasıdır.
Artıq 5-ci dəfə keçirilən festival çərçivəsində bu il 16 əsas və 2 alt kateqoriya üzrə yarışlar təşkil olunacaq. Kateqoriyalar arasında “Gələcəyin mühəndisləri”, “Kinematoqrafiya”, “Robotların mübarizəsi”, “Mexatronika”, “Suüstü gəmi”, “Bərpaolunan enerji”, “Dron texnologiyaları”, “Sualtı gəmi”, “İnnovasiya və sahibkarlıq”, “Robotlarla futbol”, “Çevik və sürətli”, “Peyk texnologiyaları”, “Kompüterəsaslı layihələndirmə”, “Kompüterəsaslı istehsal”, “Strateji düşüncə və fəza təfəkkürü” və “Robot oyunları” yer alır.
Festivalda iştirak üçün 5 mindən çox iştirakçı qeydiyyatdan keçib: 4791 yerli, 261 nəfər isə 26 xarici ölkəni təmsil edir.
Qeyd edək ki, STEAM əsaslı tədris modeli elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə öyrətməyi nəzərdə tutur.
DOĞRU.AZ