Bu gün ölkəmizdə 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunur.
Doğru.az xəbər verir ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla təsis edilib və hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur.
Qeyd edək ki, dövlət gənclər siyasətinin əsasları 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ilə formalaşıb. 1996-cı il fevralın 2-də Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan gənclərinin I Forumu keçirilib. Həmin forumda Ulu Öndər gənclər qarşısında tarixi vəzifə qoyaraq bildirib:
“Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Bir il sonra – 1997-ci ildə imzalanan Sərəncamla 2 Fevral rəsmi olaraq Azərbaycan Gəncləri Günü elan olunub. Bununla da Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü rəsmi və təntənəli şəkildə qeyd edən ilk ölkələrdən biri olub.
Bu gün münasibətilə ölkə üzrə müxtəlif tədbirlər, forumlar və gənclər proqramları keçirilir.
DOĞRU.AZ




























