Doğru.az xəbər verir ki, bu gün Azərbaycan teatr və kino aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR Dövlət mükafatları laureatı Həsənağa Səttar oğlu Turabovun ildönümüdür.
Həsənağa Turabov 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub. 31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitununa daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb.
1987–2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilmiş, neçə-neçə klassik və müasir əsərlər səhnəyə qoyulubdur.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib. Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid (“Kəndçi qızı”), Azər (“Yaxşı adam”), Hamlet (“Hamlet”), Lionel (“Orman qızı”), İsgəndər (“Ölülər”) Xəyyam (“Xəyyam”) xüsusilə seçilir.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin roludur. Həsən Turabovun “Axırıncı aşırım”, “Bəyin oğurlanması”, “Qəm pəncərəsi”, və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.
“Qanlı zəmi” filminin isə rejissoru olubdur. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun “Ailə” və Eldar Quliyevin “Nə gözəldir bu dünya…” filmləri olubdur. Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Həsənağa Turabov 2003-cü ildə vəfat edibdir. “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.