Doğru.az xəbər verir ki, fevralın 5-dən 32 nömrəli müntəzəm marşrut xətti (“28 May” metrostansiyası-“8-ci kilometr” ərazisi) üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla əvəzlənəcək. 32 nömrəli marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq.
Qeyd edək ki, ötən dövr ərzində sərnişinlərdən 32 nömrəli xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Fidan”-MMC-yə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.
Xatırladaq ki, əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 32 nömrəli marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.