image-2000x150px
image-123
image-ads_atlas
image-foto-1backend

 “Ciddi insident baş verib, Ermənistan cəzalandırılmalıdır” – Ukraynalı olimpiya çempionu ilə MÜSAHİBƏ 

image-728x90px

Azərbaycan Prezidenti İlham Əliyev dünənki çıxışında Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında ölkəmizin bayrağının yandırılmasını Ermənistan hakimiyyətinin növbəti çirkin əməli adlandırıb.

“Bu, təsadüfən baş vermiş, hansısa bir fərdin əməli deyil. Bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Bunu deməyə əsas verən bir çox səbəblər var. Birincisi, bu hadisəni törədən insanabənzər məxluq Ermənistan hakim dairələrinin yüksəksəviyyəli şəxsləri ilə birbaşa təmasdadır. İkincisi, bu məxluqa heç bir cəza verilmədi, əksinə, Ermənistanda onu qəhrəmanlaşdırırlar”, – deyə dövlət başçısı qeyd edib.

Dünya idman ictimaiyyəti də erməni tərəfinin bu davranışlarını pisləməyə davam edir. İdman gimnastikası üzrə olimpiya çempionu, Əməkdar idman ustası, Ukraynanın tanınmış ictimai xadimi Stella Zaxarova Oxu.Az-la söhbətində qeyd edib ki, bu cür çirkin hərəkətlər beynəlxalq yarışlarda, xüsusilə də belə yüksək səviyyəli yarışlarda yolverilməzdir:

– Mən bir idmançı kimi fikrimi bildirirəm. İdmanda güclülər çıxış edir və qalib gəlirlər. Olimpiya oyunları zamanı isə hətta müharibələr belə, dayandırılırdı. Biz hazırda Ukraynada da oxşar problemlə üzləşirik. Bu və ya digər ölkənin nümayəndələri platformaya çıxanda, qaçış zolağında qaçanda, fəxri kürsüyə qalxanda həmin ölkəyə qarşı aqressiya olmamalıdır. Baş verən hadisə (İrəvanda – red.) təşkilatçıların diqqətsizliyinin nəticəsidir. Qonaq komandaların nə idmançıları, nə də məşqçiləri problemlərlə üzləşməməlidirlər. Kimsə öz nifrətini, aqressiyasını siyasi müstəvidə göstərə bilər, idmanda yox.

– Ev sahibliyi edən ölkəni bu cür qayda pozuntularına görə hansı cəza gözləyə bilər?

– Hesab edirəm ki, bu insident hüquqi baxımdan nəzərdən keçirilməlidir. Bayraqları cırılan və ya yandırılan ölkələrin nümayəndələri beynəlxalq idman instansiyalarına bununla bağlı etirazlarını bildirməlidirlər.

Mən sizin gənclər və idman naziri Fərid Qayıbovu yaxşı tanıyıram, o, çox gözəl insandır. Yeri gəlmişkən, o həm də Avropa Gimnastikasının (keçmiş Avropa Gimnastika İttifaqının (UEG) – red.) prezidentidir. Biz onunla dostluq edirik, əlaqə saxlayırıq. Sizin Ağır Atletika Federasiyası bütün baş verənlərlə bağlı Gənclər və İdman Nazirliyi ilə koordinasiyalı şəkildə hərəkət etməlidir. Ciddi insident baş verib, gələcəkdə belə hərəkətlərə yol vermək olmaz, ona görə də cəza tədbirləri görülməlidir.

– Halbuki Azərbaycan bayrağını yandıran şəxsi, sadəcə olaraq, azadlığa buraxdılar, hətta ittiham da irəli sürülmədi. Ermənistan rəsmiləri Azərbaycandan üzr istəmədilər.

– Təbii ki, baş verənlər təxribat da ola bilərdi. Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən xəbərim var. Lakin idmanda belə məqamlar yolverilməzdir, mən bunu bir daha təkrarlamaq və Ukraynanı misal çəkmək istəyirəm. Bu gün bizim ölkəmiz, xalqımız çox əziyyət çəkir. Mən idmançıyam, Ukraynada yaşayıram, heç yerə getməmişəm, xalqımla birlikdə bu ağrıya dözürəm. Və mən belə əməlləri (Azərbaycan bayrağının yandırılması – red.) pisləyirəm.

– Gəlin Ukrayna ilə bağlı daha ətraflı danışaq. Rusiyanın işğalı bir ildən çoxdur ki, davam edir. Dünya idman ictimaiyyəti Ukraynaya hər hansı dəstək verirmi?

– Bəli, əlbəttə. Beynəlxalq ictimaiyyət bizi dəstəkləyir. Biz bunu hiss edirik və anlayırıq. Və bu dəstək bizim üçün çox önəmlidir.

Təbii ki, bəzi nüanslar var. Mən bizim telekanallarımıza verdiyim müsahibələrdə qeyd etmişəm ki, biz çox güclü sosial çarx yayımladıq. Biz orada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa müraciət etdik ki, ukraynalı idmançıları dinləsin. Hesab edirik ki, Rusiya və Belarusdan olan idmançıların beynəlxalq yarışlarda, o cümlədən 2024-cü il Olimpiya Oyunlarında iştirakına icazə verilməməlidir.

İndiyədək bizdə döyüşlərdə iştirak edərək ölkəmizi müdafiə edən 280 ukraynalı idmançı həyatını itirib. Çoxlu sayda uşaq və qadın Rusiya təcavüzünün qurbanı olub. Biz idman meydançalarında yanımızda təcavüzkarları, qatilləri görmək istəmirik. Amma bu gün Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarına qarşı loyal münasibət sərgiləyir. Bizim idmançılarımız təcavüzkar ölkənin nümayəndələrinin olduqları yarışlarda iştirak etməyəcəklər. Yəni belə bir situasiyanı doğru qəbul etmirik. Rusiya və Belarus idmançıları beynəlxalq yarışlara buraxılmamalıdırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki