Çin Starlink peyk sistemini ölkənin milli təhlükəsizliyi üçün ciddi risk kimi qiymətləndirir.
Doğru.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti Çin nümayəndəsinin dekabrın 29-da BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasındakı çıxışına istinadən məlumat yayıb.
Çin tərəfi orbitdə peyklərin sayının sürətlə artmasının təhlükəli nəticələrə yol aça biləcəyini vurğulayıb. Bildirilib ki, Starlink peykləri ilə Çinin orbital stansiyası arasında təhlükəli yaxınlaşmalar qeydə alınıb, həmçinin orbitdəki peyklərdən birinin sıradan çıxması halları ciddi narahatlıq doğurur.
Pekin eyni zamanda Starlink sisteminin dəfələrlə hərbi kəşfiyyat məqsədləri üçün istifadə edildiyini, terrorçu və separatçı qrupların peyk məlumatlarına çıxış əldə etməsi riskinin mövcud olduğunu bildirib.
Çin rəsmilərinin fikrincə, kommersiya peyklərinin hərbi məqsədlərlə istifadəsi kosmosun militarizasiyası təhlükəsini artırır və Yer kürəsindən kənarda yeni silahlanma yarışına səbəb ola bilər.
Qeyd edək ki, NATO kəşfiyyat qurumları daha əvvəl Rusiyanın Starlink də daxil olmaqla peyklərə qarşı silahlar hazırladığını iddia etmişdi.
DOĞRU.AZ




























