2025-ci ilin dekabr ayında Çinin Fujian əyalətində fəaliyyət göstərən “Fujian Haituo Supply Chain Technology” Co., Ltd. ilə Azərbaycan biznes nümayəndə heyəti arasında biznes mübadiləsi görüşü keçirilib.
Doğru.az xəbər verir ki, görüşün əsas məqsədi iki ölkə arasında əmtəə sektorunda əməkdaşlığın genişləndirilməsi, beynəlxalq ticarət əlaqələrinin gücləndirilməsi və təchizat zənciri sahəsində birgə fəaliyyət imkanlarının müzakirəsi olub.
Xam neft, kömür, taxıl, ət məhsulları, tikinti materialları, maşın və avadanlıqlar, kimyəvi məhsullar üzrə beynəlxalq və daxili satınalma xidmətləri göstərən “Haituo Supply Chain” Azərbaycan nümayəndə heyətinə qlobal təchizat zənciri imkanlarını və texnologiyaya əsaslanan idarəetmə modelini təqdim edib. Şirkət uzun illərin təcrübəsinə əsaslanan səmərəli və dayanıqlı təchizat zənciri sistemi ilə fərdiləşdirilmiş həllər təklif etdiyini bildirib.
Görüş zamanı şirkətin beynəlxalq biznes strategiyası, qlobal satınalma şəbəkəsi və logistika imkanları barədə ətraflı məlumat verilib. Tərəflər logistika, enerji, səhiyyə, tikinti materialları və kənd təsərrüfatı məhsulları sahələrində mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycan biznes nümayəndə heyəti görüşü yüksək qiymətləndirib, gələcək əməkdaşlığın inkişaf etdirilməsi, ticarət proseslərinin optimallaşdırılması və təchizat zəncirinin səmərəliliyinin artırılması istiqamətində ilkin razılıq əldə olunub. Nümayəndə heyətinin üzvləri şirkətin qlobal bazarlardakı əməliyyat imkanlarının Azərbaycan üçün mühüm perspektivlər açdığını qeyd ediblər.
“Fujian Haituo Supply Chain Technology”nin baş direktoru bildirib ki, Azərbaycan tərəfi ilə aparılan danışıqlar qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradıb və şirkət gələcəkdə Azərbaycan müəssisələri ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Qeyd edək ki, bu biznes səfəri Çin və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməklə yanaşı, şirkətlər arasında uzunmüddətli tərəfdaşlıq üçün də möhkəm zəmin yaradıb.
DOĞRU.AZ





























