2025-ci ilin ilk altı ayı ərzində daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibli Kollegiya iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və antinarkotik təbliğat məsələləri diqqət mərkəzində olub.
Doğru.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov çıxışında cəmiyyətin narkotiklərlə mübarizədə polislə həmrəyliyinə toxunaraq, bu istiqamətdə profilaktik və maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Nazir şəxsi heyətə gənclərin zərərli vərdişlərdən qorunması və ictimai yanaşmanın formalaşdırılması istiqamətində konkret tapşırıqlar verib.
Qeyd olunub ki, narkotiklərlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda ictimaiyyətin də birgə səylərini tələb edən mühüm məsələdir. Bu kontekstdə vətəndaş cəmiyyəti institutlarının, media və ictimai fəalların dəstəyi xüsusi önəm daşıyır.
Vilayət Eyvazov həmçinin bu sahədə təşəbbüslərdə aktiv iştirak edən jurnalistlərə, QHT və ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirib. O vurğulayıb ki, aidiyyəti qurumlarla birgə reabilitasiya mərkəzlərinin fəaliyyəti dəstəklənməli, süni maneələr aradan qaldırılmalı və narkotik asılılığından əziyyət çəkən şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində səmərəli addımlar atılmalıdır.
DOĞRU.AZ