Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 11-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
Mərkəzdən Doğru.az-a bildirilib ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında şəxsi kabineti olmalıdır. Şəxsi kabinetdə olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək mümkündür. Şəxsi kabinet yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İnzibati icraçı (B növü) vəzifələr üzrə test imtahanında iştirak etmək üçün qeydiyyat iyulun 31-nə qədər (saat 11:00-dək) aparılacaq. İmtahan Bakı (2500 yer) və Naxçıvan (400 yer) şəhərlərində təşkil olunacaq.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı Bakı və Naxçıvan şəhərlərində AB, AC, BA qrupları üzrə kompüter vasitəsilə, BB qrupu üzrə isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahan vermək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında iyulun 31-nə qədər (saat 11:00-dək) həyata keçiriləcək.
DOĞRU.AZ