Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda dəyişiklik edilib.
Doğru.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ciddi hesabat blankları (Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin “ASAN ödəniş” informasiya sisteminin ödəniş çıxarışları, “AZCON” publik hüquqi şəxsin strukturuna daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, “Azərpoçt” MMC-nin “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) sifarişçilərin vəsaiti hesabına çap ediləcək.
Dəyişikliklərə əsasən,
Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu qaydaları – Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən,
“ASAN ödəniş” informasiya sisteminin ödəniş çıxarışlarının uçotu qaydaları – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən,
“AZAL”, “Azərbaycan Dəmir Yolları” və “Azərpoçt”un müvafiq informasiya sistemlərinin çıxarışlarının uçotu qaydaları isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.
Eyni zamanda, Qaydaların bəzi bəndlərinin müddəalarının adıçəkilən informasiya sistemlərinin çıxarışlarına şamil edilmədiyi də qərarda əksini tapıb.
Sərəncam rəsmi qaydada qüvvəyə minib və tətbiqi müvafiq dövlət qurumları tərəfindən təmin ediləcək.
DOĞRU.AZ




























