image-2000x150px
image-123
image-ads_atlas
image-17201865477509087_1200x630backend

Fermerlərə sığorta ödənişləri 2 dəfədən çox artıb, sığortalanmış əkinlər 364 min hektara çatıb

image-728x90px

Son 1 ildə Azərbaycanda sığortalanan əkinlərin sahəsi 1,5 dəfə, fermer və təsərrüfatlara ödənilən sığorta ödənişləri 2 dəfədən çox artıb.

Azərbaycanda aqrar sahənin – əkin sahələrinin və heyvandarlıq təsərrüfatlarının dövlət sığortası ilə məşğul olan Aqrar Sığorta Fondu (ASF) 2024-cü ilin yanvar-may aylarının nəticələrini açıqlayıb.

Fonddan Doğru.az-a verilən məlumata görə, 2024-cü ilin yanvar-may aylarında sığorta hadisələrindən zərər çəkmiş fermer və təsərrüfatlara, ümumilikdə, 2 milyon 572 min manat sığorta ödənişi edilib. Sığorta ödənişlərindən 2 milyon 21 min manat əkin sahələri, 551 min manatı isə heyvandarlıq təsərrüfatları üzrə həyata keçirilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə fermerlərə sığorta ödənişləri 2,3 dəfə artıb. O cümlədən əkin sahələri üzrə ödənişlər 2,7 dəfə, heyvandarlıq təsərrüfatları üzrə ödənişlər isə 1,5 dəfə çox olub.

Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında bitkiçilik üzrə 741 min manat, heyvandarlıq təsərrüfatları üzrə isə 361 min manat sığorta ödənişləri edilmişdi.

2024-cü ilin ilk 5 ayı ərzində sığortalanan əkinlərin sahəsi 364 min hektara çatıb. Bu sahələrin sığortalanması üçün ödənilən sığorta haqqı 8 milyon 750 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 50 faiz artıb. Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında 239 min hektar əkin sahəsi sığorta olunmuşdu.

İlk beş ayın nəticələrinə görə, ən çox sığortalanan əkinlər fındıq, çay, tütün, buğda, arpa, pambıq və qarğıdalı olub.

Qeyd edək ki, Aqrar Sığorta Fondu, ümumilikdə, 48 növ bitki məhsulunu sığorta edir. Buraya taxıl, meyvə bağları, tarla bitkiləri, texniki bitkilər və tərəvəz məhsulları aiddir. Sözügedən dövrdə bu məhsulların əksəriyyəti üzrə sığorta müqavilələri bağlanılıb.

2024-cü ilin yanvar-may aylarında Aqrar Sığorta Fondu tərəfindən 1100 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə ümumilikdə 659 min manat sığorta haqqı toplanılıb və fermerlərə 6 milyon 74 min manatlıq sığorta təminatı verilib.

Ümumilikdə, 2024-cü ilin yanvar-may ayları üzrə aqrar sığorta üzrə 9 milyon 407 min manat sığorta haqqı toplanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki