Bakı Gənclər Mərkəzində “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən həyata keçirilən “Gilavar Fotoqrafiya Məktəbi” fotoqrafiya kursunun bağlanış mərasimi keçirilib.
Doğru.az xəbər verir ki, layihə Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində təşkil olunub.
“PeşəkarSƏN” maarifləndirmə proqramının tərkib hissəsi olan kursun əsas məqsədi foto sənətinə maraq göstərən gənclərin bilik və bacarıqlarını artırmaq, onların fotoaparatdan düzgün istifadə, kompozisiya qurmaq, işıqla işləmək və professional yanaşma vərdişlərini mənimsəməsinə şərait yaratmaqdır. Layihə həmçinin fotoqrafiya sənətinin nəzəri və praktiki əsaslarının öyrədilməsini, gənclərin peşəkar foto mühitinə inteqrasiyasını dəstəkləyir.
“Gilavar Foto Klubu”nun sədri Rəşad Mehdiyev çıxışında klubun 8 illik fəaliyyətini qeyd edib. Layihə rəhbəri, fotoqraf Dilavər Nəcəfov bildirib ki, kursa 150 müraciətdən sonra 50 tələbə seçilib və 33 nəfər təlim proqramını uğurla başa vuraraq sertifikat alıb. Təlimlər ölkənin peşəkar fotoqrafları Rauf Umudov və Tofiq Babayev tərəfindən həyata keçirilib.
Kurs müddətində iştirakçılar fotoqrafiyanın sirləri, kompozisiya və işıqlandırma, müxtəlif janrlar, çəkiliş metodları, texniki parametrlər və kamera ilə işləmə qaydalarını öyrəniblər. Praktiki dərslər, peşəkar ustad dərsləri və foto emalı üzrə təlimlər də keçirilib.
Layihə çərçivəsində gənclərin beynəlxalq platformalarla əməkdaşlıq imkanları yaradılıb, kurs iştirakçıları müxtəlif beynəlxalq fotomüsabiqələrdə mükafatlar qazanıblar. Bağlanış mərasimində sertifikatlar təqdim olunub və kurs iştirakçılarının fotolarından ibarət sərgi açılıb.
DOĞRU.AZ





























