image-n1karobka_ads
image-123
image-17659722474669738081_1200x630backend

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırıldı – FOTO

image-ad_qayo_720x110px

Dekabrın 17-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Doğru.az xəbər verir ki, Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, deputatlar, münsiflər heyətinin üzvləri, media nümayəndələri, müsabiqə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdən əvvəl müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgiyə baxış keçirilib. Eyni zamanda, müsabiqənin münsiflər heyətinin sədri, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı olmuş Rafiq Bağırovun müəllifi olduğu “Heydər Əliyev və təhsil” mövzusunda fotoguşə təqdim edilib. Guşədə Ulu Öndərin müxtəlif təhsil müəssisələrində şagird və tələbələrlə birlikdə çəkilmiş 30-a yaxın fotosu nümayiş olunub.

Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov foto və videonun tarixi yaşadan, yaddaşı qoruyan mühüm vasitə olduğunu bildirib. O qeyd edib ki, foto yalnız görüntü deyil, həm də emosiyaları və hissləri ötürən güclü bir ifadə vasitəsidir. Nazir müavini Ulu Öndər Heydər Əliyevin təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Deputat Elçin Mirzəbəyli isə çıxışında foto və video sənətinin gələcək nəsillərə tarixi ötürmək baxımından əvəzsiz rol oynadığını qeyd edərək, bu cür müsabiqələrin fotoqrafiya və vizual sənətin inkişafına töhfə verdiyini bildirib.

Münsiflər heyətinin sədri Rafiq Bağırov Elm və Təhsil Nazirliyinə təşəkkür edərək, Ulu Öndərin şəxsi fotoqrafı olduğu illərlə bağlı xatirələrini bölüşüb və bu təşəbbüsün tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini vurğulayıb.

Daha sonra qaliblərə diplom və mükafatlar təqdim olunub. Foto kateqoriyası üzrə ilk üç yerin qalibləri diplomlarla təltif edilib, ən yaxşı beş işin müəlliflərinə həvəsləndirici sertifikatlar verilib. Video kateqoriyası üzrə isə ilk üç yerin qaliblərinə diplomlar təqdim olunub. Digər iştirakçılar da sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə foto və video olmaqla iki kateqoriya üzrə keçirilib. Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunub.

Müsabiqənin əsas məqsədi elm və təhsil sahəsində baş verən proseslərin yaradıcı və keyfiyyətli vizual məzmun vasitəsilə təqdim olunmasını təşviq etməkdir.

DOĞRU.AZ

image-17659722471542520496_1200x630 image-1765972247537127828_1200x630 image-17659722476525920103_1200x630 image-1765972247457401396_1200x630 image-1765972247978561523_1200x630 image-17659722473600936208_1200x630 image-1765972247453489665_1200x630 image-17659722472394118024_1200x630 image-17659722475012448615_1200x630 image-1765972247639359723_1200x630 image-17659722472291951310_1200x630 image-17659722471213041713_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki