Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları, o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə qəbul imtahanı keçirib.
Doğru.az xəbər verir ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunub.
Ümumilikdə 144 imtahan binası və 2537 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı və 144 bina nümayəndəsi cəlb olunub.
İmtahanların gedişini izləmək üçün DİM-də operativ qərargah fəaliyyət göstərib və bütün binalarla müntəzəm əlaqə saxlanılıb. Bütün mərkəzlərdə imtahanlar təlimata uyğun şəkildə keçirilib, iştirakçılara biliklərini nümayiş etdirmək üçün zəruri şərait yaradılıb.
İlkin məlumata əsasən, 6 nəfərdə mobil telefon aşkarlanıb və həmin şəxslər imtahandan kənarlaşdırılıb. Qayda pozan abituriyentlərin müsabiqə nəticələri ləğv olunacaq və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.
Ümumilikdə 34 229 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 58 nəfəri sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və s.) şəxslər olub. Bu abituriyentlər üçün xüsusi zallar ayrılıb, fərdi nəzarətçilər təyin olunub, binalara giriş və hərəkət üçün şərait yaradılıb. Nəzarətçilərə isə öncədən xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in YouTube kanalında canlı yayım olacaq. Mərkəzin əməkdaşları imtahanlarda istifadə olunan test tapşırıqlarını izah edəcək, həmçinin düzgün cavablar təqdim olunacaq. Abituriyentlər suallarını yayımın altına şərh bölməsində yaza bilərlər.
İyulun 14-dən etibarən imtahan protokolları və materialların emalına başlanacaq. Açıq tipli tapşırıqların yoxlanması vaxt tələb etdiyindən nəticələrin 2 həftə ərzində açıqlanması planlaşdırılır.
DOĞRU.AZ