Atəşgah Tarixi-Memarlıq Qoruğunda inklüziv uşaqlar üçün keramika sənətinə həsr olunmuş master-klass keçirilib.
Master-klass “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyi və “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin əsas məqsədi inklüziv uşaqların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, onların milli sənət və sənətkarlıq nümunələri ilə tanış olması, sosial inteqrasiyasına dəstək göstərilməsi olub.
Master-klass zamanı uşaqlara keramika ilə işləmə texnikası öyrədilib. İştirakçılar gil materialından müxtəlif əl işləri hazırlayaraq öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar üçün həm öyrədici, həm də əyləncəli şəkildə təşkil olunan məşğələ onların yaradıcılıq imkanlarının üzə çıxarılmasına şərait yaradıb.
Tədbirin Atəşgah Tarixi-Memarlıq Qoruğu kimi zəngin tarixi-mədəni məkanda keçirilməsi uşaqlara Azərbaycanın mədəni irsi ilə yaxından tanış olmaq imkanı da yaradıb.
Təşkilatçılar qeyd ediblər ki, bu cür master-klasslar inklüziv uşaqların cəmiyyətə inteqrasiyasına, onların özünəinamının artırılmasına və yaradıcılıq potensialının inkişafına mühüm töhfə verir.
Mədəniyyət, sənətkarlıq və inklüzivliyin bir araya gəldiyi bu təşəbbüs uşaqların yaradıcılıq dünyasına yeni imkanlar açmaqla yanaşı, cəmiyyətdə bərabərlik və həmrəylik dəyərlərinin təbliğinə xidmət edir.
DOĞRU.AZ

























