image-2000x150px
image-123
image-ads_atlas
image-50a64ce1-30de-4a8d-af11-a9e0c33f1a42backend

İqtisadi əlaqələrin inkişafına zəmin yaranır

image-728x90px

Azərbaycanın ikitərəfli münasibətlərin inkişafına verdiyi önəm Litva ilə əlaqələrində də özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycan və Litva arasında münasibətlər hər iki ölkənin müstəqillik əldə etməsindən sonra yeni mərhələyə qədəm qoyub və hazırda bu əməkdaşlıq yeni prioritetlər üzrə inkişaf edir. Prezident İlham Əliyevin mayın 21-22 tarixlərində Litvaya rəsmi səfəri zamanı  litvalı həmkarı Gitanas Nauseda, Baş nazir xanım İnqrida Şimonite ilə görüşləri, mühüm sənədlərin imzalanması  və biznes forumun keçirilməsi, Prezidentlərin mətbuata birgə bəyanatları, ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması  əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Son bir ildə həyata keçirilmiş yüksək səviyyəli təmaslar – 2022-ci il mayın 17-19-da Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri, 2023-cü il yanvarın 18-də Davosda keçirilmiş görüş və hazırkı rəsmi səfər iki ölkə arasında gücləndirilmiş siyasi dialoqun mühüm göstəriciləridir. Ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Hər bir sənəd əlaqələrin inkişafında möhkəm bazadır. Ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti xüsusi qeyd olundu. 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu. Görüşlərdə Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları da diqqətə çatdırıldı. Təbii ki, bu kimi mühüm məqamlar iki ölkənin münasibətlərinin yüksələn xətlə inkişafını nümayiş etdirir. Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verdi. Onu da qeyd edək ki, dövlət başçısı  hər bir səfərində işğal və postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edir, Azərbaycanın sülhün və əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfələrini diqqətə çatdırır. Cənab İlham Əliyev Litva Prezidenti ilə mətbuata birgə bəyanatlarında bildirdi ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, Azərbaycan torpaqları uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. “Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək” söyləyən dövlət başçısı  bir daha bildirdi ki,  bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün səylər göstərir. Tarixi Zəfərimizdən sonra regionda yeni əməkdaşlıq formatlarının yaradılması üçün yeni imkanlar yaranıb. Litva səfəri çərçivəsində bu məsələlər geniş müzakirə edildi.  Keçirilən biznes forumda səslənən fikirlər də bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də bu imkan mövcuddur. Biznes forum münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq.

 

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki