image-2000x150px
image-m7adkkh7lfwaqgfmixxgjxsyb7ribwhgrdo8tot3backend

İsmayıllı, Şamaxı və Salyanda üzümçülüyün inkişafı ilə bağlı həyata keçirilən layihənin bağlanış mərasimi keçirilib – FOTOLAR

image-728x90px

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilən İsmayıllı, Şamaxı və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) üzümçülük sahəsində potensialının inkişafı layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və tabeli qurumlarının əməkdaşları, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri eləcə də Şamaxı, İsmayıllı və Salyanda fəaliyyət göstərən üzümçü fermerlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şamaxı DAİM-də kənd təsərrüfatı texnikalarına baxış keçiriblər. Tədbiri giriş sözü ilə açan “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramının layihə rəhbəri Yuliya Bajenova proqramın əsas məqsədinin özəl sektorun inkişafına dəstək olduğunu qeyd edib. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzlu üzümçülük sahəsinin inkişafı ilə bağlı həyata keçirilən bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, layihəyə əsasən Şamaxı, İsmayıllı və Salyanda üzümçülük sahəsində fəaliyyət göstərən doqquz kiçik fermer təsərrüfatına 2020-ci ilin sentyabrından bir il ərzində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması istiqamətində aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirlərinin elmi-praktiki əsaslarla düzgün aparılması ilə bağlı məsləhətlər verilib, fermerlər və DAİM məsləhətçiləri bu sahədə sahə seminarları və təlimlərə cəlb edilib. Eyni zamanda, üzümçülük sahəsində fermerlərin kənd təsərrüfatı texnikasına ehtiyacları nəzərə alınaraq layihə çərçivəsində “tənəkarası frez” və ventilyatorlu çiləyicilər alınıb və hər üç rayonun DAİM-lərinin balansına verilib.

Üzümçü fermerlər Rahil Hüseynov və Qurban Kərəmov 2020-2021-ci təsərrüfat ilində aqroməsləhət xidməti və təqdim edilən müasir texnikalardan istifadə etməklə məhsuldarlığın artdığını, əlavə xərclərin xeyli azaldığını bildiriblər. Həmçinin, ətraf mühitin qorunması baxımından səmərəli bitki mühafizə tədbirlərinin tətbiqini yüksək qiymətləndirdiklərini ifadə ediblər.

Tədbirin sonunda üzümçülüyün inkişafı ilə bağlı müzakirələr aparılıb və fermerlərin sualları cavablandırılıb.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki