İyulun 13-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Həmin tarixdə III ixtisas qrupu üzrə DT və TC altqruplarını seçən abituriyentlər də coğrafiya fənnindən imtahan verəcəklər.
Doğru.az xəbər verir ki, imtahanlar Bakı da daxil olmaqla, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Abşeron, Lənkəran, Şəki, Zaqatala və digər şəhər və rayonlarda təşkil olunacaq. Ümumilikdə 144 imtahan binası, 2537 imtahan zalı ayrılıb.
İmtahanda ümumilikdə 34 229 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 24 059 nəfəri I ixtisas qrupu, 5634 nəfəri IV ixtisas qrupu, 4536 nəfəri isə III qrup üzrə coğrafiya fənni üzrə imtahan verəcək.
İmtahan saat 10:00-da başlanacaq. Abituriyentlər ən geci saat 09:45-ə qədər binaya daxil olmalıdırlar. Hər bir iştirakçıya fərdi gəlmə vaxtı müəyyən edilib və bu məlumat buraxılış vərəqəsində göstərilib.
Abituriyentlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:
İmtahana buraxılış vərəqəsi;
Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi, miqrasiya vəsiqəsi və ya müvafiq arayış).
İmtahanlarda sağlamlıq imkanları məhdud olan 58 nəfər abituriyent üçün də xüsusi şərait yaradılıb. Onlar üçün fərdi nəzarətçilər təyin olunub və xüsusi zallar ayrılıb. Hərəkət məhdudiyyətli iştirakçıların binaya daxil olması və rahat hərəkəti üçün də lazımi tədbirlər görülüb.
İmtahanların keçirilməsi üçün 144 ümumi imtahan rəhbəri, 396 imtahan rəhbəri, 3177 nəzarətçi, 460 buraxılış rejimi əməkdaşı və 144 bina nümayəndəsi cəlb olunub. Hazırda prosesin təhlükəsiz və şəffaf şəkildə keçirilməsi üçün müvafiq təlimlər, yoxlamalar və texniki hazırlıqlar davam edir. Binalar imtahandan bir gün əvvəl möhürlənərək mühafizəyə veriləcək.
DOĞRU.AZ