Ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşma seçiminə start verilib.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Dövlət İmtahan Mərkəzi yayıb.
Bildirilib ki, ixtisaslaşma seçiminə 2025-ci ilin 16 fevral və 11 may tarixlərində keçirilmiş qəbul imtahanlarının birinci və ya ikinci cəhdində minimal tələbləri ödəyən bakalavrlar buraxılır. Bəzi proqramlar üzrə isə qabiliyyət imtahanı da nəzərə alınır.
Bakalavrlar iyulun 7-dən 13-dək (saat 23:59-a qədər) elektron ərizə formasını dolduraraq ixtisaslaşma seçimini aparmalıdırlar. İştirakçılar hər iki imtahanda tələb olunan şərtləri ödəmiş olduqları halda, müsabiqəyə hansı cəhdin nəticəsi ilə qatılacaqlarını özləri seçə bilərlər.
Seçim zamanı bakalavrlar 20-dək ixtisaslaşmanın kodunu istədikləri ardıcıllıqla “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər. Bu ixtisaslaşmalar bir və ya bir neçə qəbul proqramına aid ola bilər.
Müsabiqədə yalnız elektron ərizəni təsdiqləmiş bakalavrlar iştirak edə biləcəklər.
Qəbul proqramları və ixtisaslaşmalarla bağlı ətraflı məlumat “Magistr” jurnalının 4-cü nömrəsində yerləşdirilib. Jurnalı DİM-in əsas binasından, “Abituriyent” satış məntəqəsindən, kitab mağazalarından, www.abiturient.az saytından və “Wolt” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
DOĞRU.AZ