2025-ci ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanları fevralın 16-da və mayın 11-də keçirilib.
Doğru.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, imtahanda məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 20 test tapşırığı olmaqla, ümumilikdə 95 test təqdim olunub. Bakalavrların xarici dil üzrə yazı bacarıqları esse vasitəsilə yoxlanılıb. İştirakçılar 95 test tapşırığından və 5 ballıq esse hissəsindən maksimum 100 bal toplaya biliblər.
İmtahanda ümumilikdə 26 241 bakalavr iştirak edib ki, bu da ötən ilin 24 858 iştirakçısından 1 383 nəfər çoxdur.
Bakalavrların yarısının toplaydığı orta bal 47.58 olub (ötən il 48.55).
Bu il 90 və daha yuxarı bal toplayanların sayı 32 nəfər, 80 və yuxarı bal toplayanların sayı 381, 70 və yuxarı bal toplayanların sayı isə 2019 nəfər olub. Ötən il bu göstəricilər müvafiq olaraq 44, 458 və 2106 nəfər idi.
DOĞRU.AZ