Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva illərdir məcburi köçkünlərin yanında olub. Onların həyat şəraiti, qarşılaşdıqları çətinliklər və gündəlik qayğılar Mehriban xanım üçün sadəcə sosial məsələ deyil, vicdan borcu olub.
Hələ 44 günlük Vətən müharibəsindən əvvəl, müxtəlif bölgələrdə salınmış köçkün şəhərciklərinə tez-tez baş çəkən Mehriban Əliyeva sakinlərlə söhbət edib, onların dərdinə şərik olub. Hər bir ailənin problemini sanki öz ailəsinin qayğısı kimi dinləyib və həll yolları üçün addımlar atıb. Bu görüşlər sadəcə rəsmi səfər deyildi – orada insanın səmimiyyəti, ana qayğısı və mehriban münasibəti hiss olunurdu.
İndi isə işğaldan azad olunmuş torpaqlarda həyat bərpa olunur, yeni qəsəbələr və müasir yaşayış məhəllələri salınır. Prezident İlham Əliyevlə bərabər, Mehriban xanım da mütəmadi olaraq Qarabağa və Şərqi Zəngəzura səfərlər edir, doğma yurdlarına qayıdan keçmiş köçkünlərin sevinclərinə şərik olur. Onlarla bir süfrə arxasında əyləşir, yeni tikilən evləri nəzərdən keçirir və hər bir təməl daşında insanlara verilən dəyərin simvolunu göstərir.
Bu evlərə girəndə sakinlərin gözlərindəki minnətdarlıq və kövrək duyğular aydın görünür. Onlar bilirlər ki, uzun illər həsrətini çəkdikləri yurdlarına qayıdışda Mehriban xanımın diqqəti və qayğısı mühüm rol oynayıb.
Əslində, Mehriban Əliyevanın bu münasibəti köçkünlərin həyatına yeni nəfəs gətirib. Onun qayğısı sadəcə sözlərlə deyil, real layihələrlə – yeni məktəblər, xəstəxanalar, sosial obyektlər və abadlıq işləri ilə özünü göstərir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövləti üçün hər bir vətəndaşın rifahı və xoşbəxtliyi prioritetdir.
Mehriban xanımın hər səfəri köçkünlər üçün yalnız dövlət dəstəyi deyil, həm də mənəvi dayaq və gələcəyə inam deməkdir. Bu inam onları bir araya gətirir və sabaha daha böyük ümidlə baxmağa sövq edir.
Müəllif: Şamxal Adıgözəlov