Dekabrın 12-si Azərbaycan xalqı üçün sadəcə bir tarix deyil. Bu gün müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Hər il bu gün gəldikcə ölkənin hər yerində insanlar böyük dövlət xadimini ehtiramla xatırlayır, onun Azərbaycan üçün gördüyü misilsiz işləri dərin minnətdarlıqla yad edirlər.
Fəxri xiyabanda yaşanan sükut, ziyarətə toplaşan insanların əlindəki gül dəstələri, müxtəlif qurumların nümayəndələrinin ardıcıl şəkildə Ulu Öndərin məzarını ziyarət etməsi onun xalqın qəlbində necə əbədi bir yer tutduğunun ən bariz göstəricisidir. Heydər Əliyev Azərbaycanı ən çətin dönəmlərdə qoruyub saxladı, onu sabitlik və inkişaf yoluna çıxardı, müasir dövlətçiliyimizin təməlini atdı.
O, təkcə siyasi lider deyildi. Heydər Əliyev bütöv bir ideologiyanın, vətənpərvərlik və dövlətçilik fəlsəfəsinin simvolu idi. Bu gün ölkəmizin hər sahədə gözə çarpan inkişafı, müstəqilliyimizin möhkəmliyi və dünyada artan nüfuzumuz onun uzaqgörən siyasətinin davamıdır.
Doğru.az və DoğruTV kollektivi olaraq biz də bu əlamətdar gündə Ümummilli Liderin müqəddəs xatirəsini dərin hörmətlə anırıq. Onun dövlətçilik irsini, yaratdığı sabitlik və inkişaf yolunu daim yüksək dəyərləndirir, fəaliyyətimizdə bu prinsiplərə sadiq qalırıq. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlər hər zaman bizim üçün həm nümunə, həm də ilham mənbəyidir.
Bu gün Ulu Öndəri anmaq – keçmişə ehtiram göstərməkdən daha çox, gələcəyə olan məsuliyyəti dərk etməkdir. Onun qurduğu güclü Azərbaycanı daha da inkişaf etdirmək hər birimizin borcudur.
Və bu gün, Ulu Öndərin xatirəsini yad edərkən bir daha qürurla qeyd edirəm:
Mən fəxr edirəm ki, Azərbaycanlıyam!
İlqam CƏBİYEV
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının üzvü
DoğruTV | Doğru.az MMC-nin rəhbəri




























