Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Milli maraqlara sadiq Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Doğru.az xəbər verir ki, tədbir “EMEDIA GROUP” Media təşkilatının “Gənclər Siyasəti və İnnovativ İnkişaf Sektor”unun təşkilatçılığı ilə baş tutub.
Tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirin əsas məqsədi gənclərin ictimai, mədəni və sosial həyatda fəallığını artırmaq, onların təşəbbüskarlığını və milli dəyərlərə sadiqliyini ön plana çıxarmaq olub.
Proqram çərçivəsində gənclər siyasətinin inkişafına verdikləri töhfələrə, ictimai fəallıqlarına və milli mövqelərinə görə bir qrup gənc Fəxri Diplomla təltif edilib.
Tədbirdə müxtəlif universitetlərin tələbələri ilə yanaşı, Qərbi Azərbaycan – Loru mahalı, Allahverdi rayonu İcmasının Gənclər Təşkilatının rəhbəri Elmir Əlizadə, Uluslararası Demokratlar Birliyi (UİD) Azərbaycanın nümayəndəliyinin təmsilçisi Emre Cellat və ictimai təşkilat fəalları iştirak ediblər.
Çıxışlarda gənclərin dövlətçilik ənənələrinə bağlılığı, milli maraqların qorunmasında rolu və Azərbaycanın gələcəyində savadlı, fəal, vətənpərvər gəncliyin həlledici mövqeyi xüsusi vurğulanıb.
Tədbir xatirə fotosu və gələcək əməkdaşlıq çağırışları ilə yekunlaşıb.
DOĞRU.AZ





























