Monteneqronun paytaxtı Podqoritsa şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən “İnsan resurslarının idarə edilməsi” forumu keçirilib.
Doğru.az xəbər verir ki, tədbirdə vergi orqanlarında innovasiyaları və adaptasiyanı təşviq etməyə yönəlmiş öyrənmə və inkişaf sahəsindəki irəliləyişlər, həmçinin qabaqcıl təcrübələr təqdim olunub.
Forumda qlobal tendensiyaların gələcək iş şəraitinə təsiri, sürətlə inkişaf edən texnoloji yeniliklər, dəyişən əmək bazarı demoqrafiyası, korporativ dəyərlər və iş mühitinə dair yeni gözləntilər müzakirə edilib. Eyni zamanda, insan resursları mütəxəssislərinin bu dəyişikliklərə hazırlığı, davamlı öyrənmə və inkişaf mədəniyyətinin təşviqi, rəqəmsal və yumşaq bacarıqların artırılması, liderlik qabiliyyətlərinin gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.
Forum zamanı insan kapitalına dair yeni tələblər, süni intellektin tətbiqi imkanları, təlimçi bazasının formalaşdırılması və müasir trendlərə uyğunlaşma strategiyaları da diqqət mərkəzində olub. Tədbir çərçivəsində süni intellektin tətbiqi və təlimçilərin hazırlanması barədə qrup müzakirələri aparılıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini forumda İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev, həmin idarənin şöbə rəisi Ülviyyə Hacıyeva və Tədris Mərkəzinin şöbə rəisi Ülkər Kazımova təmsil ediblər. Onlar həmçinin müxtəlif ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək təcrübə mübadiləsi aparıblar.
İsveçrə, Fransa, Finlandiya, Belçika, Macarıstan, Ukrayna, Bolqarıstan, Yunanıstan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri də forumda insan resurslarının idarə edilməsi sahəsində öz təcrübələrini bölüşüblər.
DOĞRU.AZ




























