Sərfəli təklifləri və faydalı sosial layihələri ilə tanınan mobil operator Nar 2026-cı ildə də inklüziv cəmiyyətin formalaşması istiqamətində sosial layihələrinə davam edir.
Qeyd edək ki, 2025-ci ildə Narın inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etmək məqsədilə “DanceAbility” sosial sahibkarlıq müəssisəsi ilə birgə keçirdiyi 10-a yaxın inklüziv layihə 500-dən çox şəxsi əhatə edib.
2025-ci ildə Nar Beynəlxalq Əlillər Günü (3 Dekabr) münasibətilə əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı nümayiş etdirmək və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa yönəlik maarifləndirici video çarxın hazırlanmasına da dəstək vermişdi.
Bu ildə də inklüziv layihələrlə cəmiyyətə töhfə vermək məqsədilə, Nar “DanceAbility” ilə əməkdaşlığını davam etdirir. Əməkdaşlıq çərçivəsində “Bütün vücudlar danışır” inklüziv layihəsi həyata keçirilir. Layihənin məqsədi inklüziv cəmiyyətə töhfə vermək və fiziki məhdudiyyətli şəxslərin ictimai həyatda fəal iştirakını təşviq etməkdir. Hazırda “Bütün vücudlar danışır” layihəsində fiziki məhdudiyyəti olan və olmayan 75 şəxs iştirak edir. Müxtəlif yaş qruplarından olan bu iştirakçılara fərqli rəqs hərəkətləri üzrə məşğələlər keçirilir. Məşğələlər hər kəsin özünə uyğun şəkildə iştirak etməsi və rəqs hərəkətləri vasitəsilə özünü ifadə etməsi üzərində qurulub.
Ötən il ərzində layihədə ümumilikdə 587 nəfər iştirak edib, onlardan 396 nəfəri isə fiziki məhdudiyyəti olan şəxslər olub. Bu il ərzində də “Bütün vücudlar danışır” layihəsində iştirak etmək istəyənlər onlayn qeydiyyatdan keçə edə və ya +994772828880 nömrəsi ilə “WhatsApp” üzərindən əlaqə saxlaya bilərlər. Məşğələlər hər şənbə günü Su idmanı sarayında, həftənin digər günləri isə Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya agentliyinin nəzdində fəaliyyət göstərən Şağan Reabilitasiya Pansionatında keçirilir.
DOĞRU.AZ



























