image-2000x150px
image-123
image-ads_atlas
image-perbackend

Orta aylıq nominal əməkhaqqı göstəricisi, əslində, nələri ehtiva etməlidir?

image-728x90px

Nəhayət, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin 2022-ci il üçün orta aylıq nominal əməkhaqqı səviyyəsinin əvvəlki ilə nisbətən artım tempi bəlli oldu. Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan sözügedən məlumata əsasən ölkə başçısı əmək pensiyalarının indeksləşdirilməsi haqda sərəncamı da imzaladı. Beləliklə, iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7% artaraq 839,4 manat təşkil edib.

Xatırladım ki, keçən il maaş, pensiya və müxtəlif təyinatlı sosial müavinət, təqaüd və ödənişlərin artımı istiqamətində cəmi bir sosial paket həyata keçirilmişdi ki, bunun içində minimum əməkhaqqı səviyyəsi iki illik fasilədən sonra 2022-ci il yanvarın 1-dən 300 manata çatdırıldı. Əlavə olaraq, bir sıra sahələrdə maaş artımlarına dair də sərəncamlar verilmişdi.

Ölkə üzrə orta aylıq əməkhaqqı, demək olar, hər il artır. 2018-2022-ci illər ərzində bu göstərici 52% yüksəlib ki, bu da son dörd ildə qeyd olunan göstəricinin, əslində, daha sürətlə artdığını göstərir.

Səbəb aydındır. Buna həm hökumət tərəfindən həyata keçirilən minimum əməkhaqqı və maaş artımları rəvac verib, həm də bayaq qeyd etdiyim bahalaşma və inflyasiya tendensiyası… Cari ilin sonunadək isə ölkə üzrə orta aylıq nominal əməkhaqqı səviyyəsi 900 manatı keçəcək.

Bu ilin sonunadək bunun baş verəcəyi təqdirdə orta aylıq nominal əməkhaqqının artım səviyyəsi keçən ildəkindən 100 manat çox olacaq. Buna hər cür əsas var, o baxımdan ki, Prezidentin sərəncamları ilə bu ilin əvvəlindən minimum əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla bəzi sahələrdə maaşlar artırılıb. İl ərzində, bəlkə, növbəti artımlar da ola bilər.

Lakin məsələ bundadır ki, bizdə orta aylıq nominal əməkhaqqı göstəricisi bir sıra cəhətlər baxımından heç də hər şeyi ehtiva etməməklə nisbi xarakter daşıyır. Sual olunur, niyə?!

Əvvəla, bütün sahələrdə o, eyni deyil. İqtisadiyyatın sektorları üzrə qeyd olunan göstərici üzrə ciddi fərqlilik mövcuddur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində sözügedən göstərici daha yüksəkdir.

İkincisi, minimum əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi ilə müqayisədə aşağı səviyyədədir. Bu isə o deməkdir ki, ölkədə yuxarı əməkhaqqı ilə aşağı əməkhaqqı arasında fərq və yaxud distansiya böyükdür. Qeyd olunan fakt ölkə iqtisadiyyatının birtərəfli inkişafı ilə izah oluna bilər. Bunu aradan qaldırmaq üçün isə ilk növbədə minimum əməkhaqqı orta aylıq əməkhaqqı səviyyəsinin, heç olmasa, 50-55%-ni təşkil etməlidir.

Xatırladım ki, 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən götürdüyümüz öhdəliyə əsasən, bu rəqəm 60%-dir. Real olaraq isə 42% təşkil etməkdədir.

Üçüncü məqam isə ondan ibarətdir ki, 1 yanvar 2023-cü il tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5% artaraq 1 milyon 733 min 900 nəfər təşkil etməklə, 903 min 300 nəfərin dövlət, 830 min 600 nəfərinsə qeyri-dövlət sektorunda fəaliyyət göstərdiyi qeydə alınıb.

İqtisadiyyatın böyük bir hissəsi özəl sektora məxsus olduğu halda muzdla çalışan işçilərin çoxunun dövlət sektorunda fəaliyyət göstərməsi müsbət faktor deyil. Bu, dövlət sektorunda maaşların özəl sektordakından yüksək olması ilə izah edilərsə, yenə anlaşılan deyil.

Ümumiyyətlə, ölkə üzrə orta aylıq nominal əməkhaqqı göstəricisinin formalaşmasında iqtisadiyyatın özəl sektorunda çalışanların maaşlarının nə dərəcədə rol oynadığı, fikrimcə, ciddi araşdırma tələb edir.

Və nəhayət, dördüncüsü. Yuxarıda qeyd etdim ki, keçən il iki illik fasilədən sonra minimum əməkhaqqı 300 manata çatdırıldı. Həmin ildə bundan əlavə heç bir artım həyata keçirilməyib. Qeyd olunan il ərzində isə bahalaşma və inflyasiya tendensiyası səngiməyib.

Ümumiyyətlə, ötən il ən böyük bahalaşma ili olaraq yadda qaldı ki, istehlak qiymətləri indeksi 14%, ərzaq məhsulları üzrə isə 20%-dən çox artdı. Sual yaranır ki, bunun müqabilində ümumən orta aylıq nominal əməkhaqqı göstəricisinin 14,7% artımı, görəsən, bilavasitə dövlətin sosial siyasətinin nəticəsidir, yoxsa iqtisadi inkişafın?!

Odur ki, hesab edirəm, haqqında söz açdığım göstərici ilk növbədə iqtisadiyyatın bütün sektorları üzrə təqribən eyni dərəcədə artmalı, ikincisi, ölkədə minimum əməkhaqqı ilə ən yüksək əməkhaqqı arasında məsafə azalmalı və minimal maaş orta aylıq əməkhaqqı göstəricisinin ən azı 50%-ni təşkil etməlidir, üçüncüsü isə, özəl sektorda əməyin tətbiqi stimullaşdırılmalı, dördüncüsü də bahalaşma və inflyasiya tempi heç bir halda il üzrə minimum, habelə ümumən əməkhaqqı artımı tendensiyasını nəinki üstələməli deyil, hətta buna bərabər belə olmamalıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki