image-2000x150px
image-buruqbackend

“Qara qızıl”ın qara günləri başlayır? – ekspert şərhi

image-728x90px

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması qərara alınıb və rəsmi Bakı buna rəsmi razılığını bildirib. Hətta sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.

İqtisadçı-ekspert Natiq Cəfərli Publika.az-a açıqlamasında bu qərarın əsasən dünyadakı neft çatışmazlığı ilə əlaqədar olduğunu söylədi:

“100 min barellik artım normadan çoxdur. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi, neftin qiymətində baş verən artımlar və dünyada gedən digər proseslər məsələnin gündəmə gəlməsinə səbəb oldu. ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri də bununla bağlı idi. Neft istehsalçısı olan ölkələrin hasilatı artırması bazarda sabitliyin yaranmasına hesablanıb”.

Müsahibimiz düşünür ki, hasilat artandan sonra qiymətlər müəyyən qədər sabitləşəcək və daha kəskin bahalaşmanın qarşısını alacaq:

“Bu il neftin bir bareli 130 dollara qədər qalxmışdı. Hazırda isə 100 dollara yaxındır. Neftin maya dəyəri elə də baha olmadığı üçün, qiymətin aşağı düşməsi neft istehlak edən ölkələrə sərf edir. Neft hasilatçıları nə qədər çox neft satarsa, bir o qədər çox gəlir əldə edəcəklər. Bazardakı hazırkı qiymətlər də həmin ölkələrə sərf edir”.

Qeyd edək ki, artıq Azərbaycanda da gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur. Bəs hasilatın artırılmasının ölkəmiz üçün hansı faydası olacaq?

Ekspert suala belə cavab verdi:

“Ölkəmizdə hasilatının 718 min barelə çatdırılması elə də böyük rəqəm deyil. Yəni, hasilatın cəmi 10-15 min barel artırılması nəzərdə tutulur ki, bu da Azərbaycan üçün əlavə maddi gəlirin əldə olunması deməkdir. Hazırda ölkədə neft hasilatı 700 min barelə yaxındır və bundan çox artırmaq mümkün deyil. Çünki, pik dövrü 2011-2013-cü illərdə qaldı”.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki