Doğru.az etibarlı mənbədən aldığı məlumat əsasında xəbər verir ki, Patrik Andrade üç həftəlik sıradan çıxıb. Noyabrın 8-də “Neftçi” ilə çempionat qarşılaşmasının ilk hissəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edən yarımmüdafiəçinin durumunun qənaətbəxş olmadığı üzə çıxıb. Həkim müayinəsindən sonra 27 yaşlı futbolçunun əzələsinin dartıldığı aşkarlanıb. Bu isə o deməkdir ki, Patrik noyabrda yaşıl meydan üzünə həsrət qalacaq.
“Qarabağ”ı bu ay Premyer Liqada “Sumqayıt” və “Səbail”, Avroliqada isə “Sivasspor”la vacib oyun gözləyir. Andradenin avrokubok matçına qədər zədəsini sağaltmaq ehtimalı olsa da, mübarizə aparmaq üçün hazır olacağı inandırıcı deyil.
Yeri gəlmişkən, Filip Ozobiç də “Sivasspor”la qarşılaşmada iştirak edə bilməyəcək. Xorvat yarımmüdafiəçi vərəqə limitini doldurub.
Qeyd edək ki, bu iki futbolçu son vaxtlar “Qarabağ”ın aparıcı fiqurları hesab olunur. Xüsusən Patrik avrokuboklarda rəqiblər üçün təhlükəli fiqurdur.

























