2023-cü il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdə şəhərində açılışı olan Qarabağ Regional DOST Mərkəzinin fəaliyyətə başlamasından iki il ötür.
Doğru.az xəbər verir ki, mərkəz bu müddət ərzində Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Ağdərə rayonları və Xankəndi şəhərindən olan sakinlərə sosial xidmətlər göstərib. Digər DOST mərkəzlərində olduğu kimi, burada da 161 növ sosial xidmət “bir pəncərə” prinsipi ilə, şəffaf və vətəndaş məmnunluğuna əsaslanan şəkildə təqdim olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ötən iki il ərzində mərkəzdə ümumilikdə 147 min vətəndaşa xidmət göstərilib. Bu xidmətlər üzrə vətəndaş məmnunluğu göstəricisi isə 99,7 faiz təşkil edir.
Hazırda 80 əməkdaş və 27 könüllü ilə fəaliyyət göstərən mərkəz hər gün təxminən 650-700 vətəndaşı qəbul etmək imkanına malikdir.
Qeyd edək ki, ötən ilin iyul ayında Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzinin, o cümlədən Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının da açılışı həyata keçirilib.
Mərkəzin nəzdində 7 emalatxana, 8 sinif və təlimat otağı, Peşəyönümü və Karyera Mərkəzi, həmçinin “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir. Bu qurumlar bölgə əhalisinə peşə hazırlığı və reabilitasiya sahəsində dəstək verməkdədir.
Mənbə: AZƏRTAC