Bakı-Tehran sərhədində sərnişin daşımaları müzakirə olunur.
Doğru.az xəbər verir ki, İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil parlament üzvləri ilə görüşdə Bakı–Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə etdiklərini açıqlayıb.
Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin martından bağlıdır.
Siyasi şərhçi Azər Hüseynov NOCOMMENT.az-a bildirib ki, sərhədlərin açılması həm əhalinin sərbəst hərəkəti, həm də ticarət baxımından müsbət addım olardı:
“Bu cür açılım regiondakı iqtisadi canlanmaya əlavə impuls verə bilər. Lakin məsələ uzun müddətdir ki, real nəticəyə çevrilmir. Bunun əsas səbəbi təkcə ikitərəfli münasibətlər deyil, həm də qlobal və regional gərginliklərdir. İran–ABŞ münasibətlərindəki problemlər sərhədlərin açılmasını riskli edir”.
Hüseynov əlavə edib ki, bölgədə mümkün hərbi qarşıdurma ehtimalı, sərnişin və yük axınının təhlükəsizlik baxımından həssas olması kimi faktorlar da sərhədlərin açılmasına maneə yaradır. Onun sözlərinə görə, əgər İran-ABŞ danışıqları nəticə verərsə və regional risklər azalarsa, sərhədlərin açılması ehtimalı xeyli arta bilər.
DOĞRU.AZ

























