Azərbaycanın regionlarında turizm sahəsində ixtisaslaşmanı artırmaq və yerli icmaların məşğulluq imkanlarını genişləndirmək məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə aqroturizm üzrə növbəti təlimlər keçirilib.
Doğru.az xəbər verir ki, Laçın, Zəngilan, Zaqatala və Qusarda reallaşan proqram “Qonaq evi idarəçiliyi” və “İctimai iaşə obyektlərinin fəaliyyətinin təşkili” mövzularını əhatə edib.
Təlimlər zamanı iştirakçılara qonaq evlərinin idarə edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, rəqəmsal platformalarda təqdimat, marketinq və müştəri məmnuniyyətinin idarə olunması kimi praktiki bacarıqlar izah olunub. Layihə çərçivəsində həmçinin mentorluq dəstəyi göstərilib, ekspertlər tərəfindən qonaq evləri yerində qiymətləndirilib və inkişaf üçün potensial istiqamətlər müəyyən edilib.
Bu təşəbbüs “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024–2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” və “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilir. Təlimlərin məqsədi regionların turizm potensialını gücləndirmək, “Turistik kənd” layihəsinə dəstək vermək və yerli icmaların turizm sahəsində bacarıqlarını artırmaqdır.
DOĞRU.AZ





























