Avropanın ən böyük limanı olan Rotterdam yaxın vaxtlarda NATO-nun təşəbbüsü ilə genişmiqyaslı hərbi yük təlimlərinə ev sahibliyi etməyi planlaşdırır.
Doğru.az xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, bu addım Rusiya ilə mümkün qarşıdurma ssenarilərində müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır. Limanın idarəedici şirkətinin rəhbəri Baudouin Simons bildirib ki, bütün terminallar hərbi yükləri qəbul etmək üçün uyğunlaşdırılmayıb. Ehtiyac yarandıqda isə yük qəbulunun Antverpen və digər limanlara yönləndirilə biləcəyi qeyd olunub.
Hollandiya Müdafiə Nazirliyi artıq bu ilin mayında Rotterdam limanının NATO-nun tələblərinə uyğun hərbi təyinatlı yükləri qəbul etməyə hazır olmalı olduğunu bəyan etmişdi.
Təlimlər zamanı gəmilərin ildə bir neçə dəfə limana yan alması və müxtəlif eniş ssenarilərinin sınaqdan keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko NATO-nun bu fəaliyyətini “Müdafiəçi Avropa 2025” planının tərkib hissəsi adlandırıb.
DOĞRU.AZ