Azərbaycanda iyunun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 28-33° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı – 758 millimetr civə sütunu, nisbi rütubət gecə 55-65, gündüz 40-50 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Axşama doğru əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.
DOĞRU.AZ