Şəki rayonu Azərbaycanın şimal-qərb bölgəsinin ən turistik istiqamətlərindən biri olmaqla yanaşı, mədəni irs nümunələrinin və tarixi abidələrin ən çox cəmləşdiyi məkanlardan biridir.
Doğru.az xəbər verir ki, bunu Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov rayonun qış turizm potensialı ilə tanışlıq məqsədilə təşkil olunan media-tur zamanı bildirib.
Onun sözlərinə görə, Şəki yalnız zəngin mədəni irsi ilə deyil, həm də aqroturizm və ekoturizm sahələrində böyük imkanlara malikdir. Rəis qeyd edib ki, “Bio Garden” aqro-ekoturizm təsərrüfatı bu potensialın ən parlaq nümunələrindən biridir və burada turistlərin ilin bütün fəsillərində qəbul olunması üçün tam şərait yaradılıb. Layihənin əsas hədəfi kənd təsərrüfatı ilə turizmin inteqrasiyasını gücləndirməkdir.
Şahin Məlikov bildirib ki, idarənin əhatə etdiyi Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında da bu formatda fəaliyyət göstərən çoxsaylı məkanlar mövcuddur. Aqroturizm təsərrüfatları regionun cəlbediciliyini xeyli artırır.
Onun sözlərinə görə, turistlərin məlumatlandırılması üçün müxtəlif layihələr icra edilir, turistik xəritələr hazırlanır, yerləşmə obyektlərində xidmət keyfiyyətinin artırılması məqsədilə təlimlər keçirilir. Regionun turizm potensialının təbliği istiqamətində media-turlar da davam etdirilir. Qarşıdakı illərdə bölgənin turizm mərkəzi kimi inkişafı üçün ardıcıl işlər görüləcək.
DOĞRU.AZ




























