Doğru.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iyunun 5-dən iyulun 9-dək olan dövr üzrə tanınma statistikasını açıqlayıb. Bu müddətdə Agentliyə 192 müraciət daxil olub.
Onlardan 171-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim olunub. 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb, 15 nəfərin sənədləri isə çatışmazlığa görə geri qaytarılıb.
Mənfi qərar verilən hallarda əsas səbəblər aşağıdakılar olub: – Dövlət nümunəli olmayan (saxta) transkriptlər
– Saxta apostil sənədləri
– Tədris yükünü mənimsəmək üçün tələb olunan normativlərin ödənilməməsi
Bu hallar daha çox Türkiyənin Karamanoğlu Mehmetbey, Kocaeli Sağlamlıq və Texnologiya, Afyon Kocatepe, Mersin universitetləri və Rusiyanın Seçenov Universiteti, eləcə də Dövlət Qulluğu Akademiyası ilə bağlı qeydə alınıb.
Müsbət qərar verilən 171 müraciətin əksəriyyəti Türkiyəyə (151 nəfər) aiddir. Digər müraciətlər Rusiya, Çexiya, Birləşmiş Krallıq, Əlcəzair, Gürcüstan, Latviya, Macarıstan, Özbəkistan, Polşa, Qazaxıstan və Ukraynaya məxsus olub.
DOĞRU.AZ