image-2000x150px
image-123
image-ads_atlas
image-1backend

Səudiyyə Ərəbistanı – Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası keçirilib – FOTO

image-728x90px

Azərbaycanda biznesə dəstək qurumlarının nümayəndələrinin, turizm, kənd təsərrüfatı, sənaye, tikinti, investisiya, nəqliyyat, konsaltinq və s. sektorlarda fəaliyyət göstərən iş adamlarının Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı – Azərbaycan Birgə İşgüzar Şurasının ilk iclası olub.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, qurumun təşkilatçılığı, Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş səfərin məqsədi iki ölkənin KOB subyektləri və sahibkarlara dəstək və xidmət göstərən qurumları arasında əlaqələrin genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə biznes-investisiya layihələrinin reallaşdırılması imkanlarının, təcrübə mübadiləsinin nəzərdən keçirilməsidir.

Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının, İnvestisiya Nazirliyinin və KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş iclasda hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər. İclasdakı çıxışlarında Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Məhəmməd Al Hassnah, Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədrləri – Əhməd Əli Al Dakhil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Zöhrab Qədirov və İşgüzar Şuranın sədr müavini Turki Alhokair müvafiq olaraq ölkələrimizin işgüzar dairələri arasında ticarət-investisiya sahəsində əməkdaşlıq imkanları, şuranın yaradılması məqsədi, KOBİA və Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri barədə məlumat verib.

Tədbir çərçivəsində KOBİA və AZPROMO ölkəmizin biznes və investisiya imkanları, ixrac potensialı, yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan iş adamları biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri barədə təqdimatlar keçirib. Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi və İxracın İnkişafı İdarəsi isə bu ölkənin investisiya potensialına, iş adamlarına yaradılmış imkanlara, istehsal olunan məhsul və xidmətlərə dair təqdimatlar keçirib. Tədbirdən sonra təşkil olunmuş “B2B” görüşlərdə hər iki ölkənin KOB-ları arasında məlumat və təcrübə mübadiləsi, əməkdaşlıq imkanları, birgə tədbirlərin və görüşlərin, qarşılıqlı biznes missiyaların təşkili kimi məsələlər müzakirə edilib.

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası ötən ilin dekabr ayında KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında imzalanmış Sazişə əsasən yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu Şura sahibkarların təşəbbüslərini dəstəkləyəcək, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, müxtəlif tədbirlərin təşkilinə kömək edəcək, iş adamlarının informasiya mübadiləsini həyata keçirəcək.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki