“SİMA”nın üztanıma texnologiyasının qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə “Bolt”, “Uber” və “Yango” mobil tətbiqlərində istifadəsinə başlanılıb.
Doğru.az xəbər verir ki, “AzIntelecom” MMC-dən bildirilib ki, artıq həmin taksi operatorlarının sürücüləri şəxsiyyətlərini “SİMA”-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli vasitəsilə təsdiq edərək fəaliyyət göstərəcəklər. Rəqəmsal identifikasiya – üztanıma yoxlamasını uğurla keçən sürücülərin taksi fəaliyyəti ilə məşğul olmasına icazə veriləcək. Profil sahibinin fotosu ilə sürücünün siması eyniləşmədiyi təqdirdə həmin profil bloklanacaq. Bu yenilik uyğun olmayan şəxslərin sürücü kimi işləməsinin və qeyri-qanuni profil istifadəsinin qarşısını alacaq.
Yeniliyin əsas məqsədləri bunlardır:
Üztanıma texnologiyası ilə nəzarət mexanizmini gücləndirmək;
Uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaratmaq;
Sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını almaq;
Sərnişinlərin təhlükəsizliyini təmin etmək və ictimai etimadı artırmaq.
İnteqrasiya nəticəsində “Bolt”, “Uber” və “Yango” sürücülərindən bir neçə mərhələdə və müxtəlif zamanlarda üztanıma testindən keçməsi tələb oluna bilər. Bu mərhələlər:
Tətbiqə ilkin qeydiyyat zamanı;
Sistemə yenidən daxil olduqda;
Sifariş tələbi gələn zaman (alqoritm əsasında).
Taksi fəaliyyəti ilə bağlı bu yenilik “AzInTelecom” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin birgə əməkdaşlığı çərçivəsində tətbiq edilib.
DOĞRU.AZ