image-2000x150px
image-123
image-ads_atlas
image-1629211241_1backend

SOCAR beynəlxalq kapital bazarlarında etibarlı tərəfdaş olmağa davam edir

image-728x90px

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən London Fond Birjasında (London Stock Exchange) yerləşdirilən 1 milyard ABŞ dolları məbləğindəki avrobondların 10 illik tədavül müddəti yekunlaşıb və əsas borc avrobond sahiblərinə tam olaraq geri ödənilib. 4,75%-lik kupon gəlirinə sahib olan avrobondların anderraytinqi (emissiya prosesinin icrası) dünyanın ən böyük banklarından biri olan Almaniyanın “Deutsche Bank” maliyyə qurumu tərəfindən həyata keçirilib.

SOCAR-ın ümumi korporativ maraqları çərçivəsində emissiya olunan 2023 avrobondlarının nominal qiyməti 1000 ABŞ dolları təşkil edib və tədavül müddəti ərzində bazar qiyməti tələbdən asılı olaraq 1071 ABŞ dollarınadək yüksəlib. “SOCAR 2023 avrobondları”nın kupon ödənişləri 6 aylıq qrafiklər əsasında həyata keçirilib, avrobond sahibləri 10 il ərzində toplam 475 milyon ABŞ dolları gəlir əldə edib.

“Petkim Petrokimya Holding” A.Ş. tərəfindən 2018-ci ildə emissiya olunan 500 milyon ABŞ dolları məbləğindəki “Petkim 2023 avrobondları”nın da tədavül müddəti bitib və avrobond sahiblərinə əsas borc tam geri ödənilib. 5 illik müddətə buraxılan və İrlandiya Fond Birjasında (Irish Stock Exchange) yerləşdirilən Petkim avrobondlarının illik kupon gəliri 5,875% təşkil edib. Sözügedən avrobondların nominal qiyməti 1000 ABŞ dolları təşkil edib və tədavül müddəti ərzində bazar qiyməti 1031 ABŞ dollarınadək yüksəlib. “Petkim 2023 avrobondları”nın kupon ödənişləri 6 aydan bir icra edilib, 5 il ərzində investorlara ümumilikdə 147 milyon ABŞ dolları gəlir qazandırıb.

1 milyard 500 milyon ABŞ dolları məbləğində avrobond öhdəliklərini müvəffəqiyyətlə icra edən SOCAR beynəlxalq kapital bazarlarında etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirib. Beynəlxalq bazarda 750 milyon ABŞ dolları məbləğində SOCAR 2030 və yerli bazarda 100 milyon ABŞ dolları dəyərində SOCAR İstiqrazları hazırda uğurla tədavül edilir. Əldə edilən nailiyyətlərin davamı olaraq, SOCAR gələcəkdə də daxili və xarici kapital bazarlarının etibarlı və aktiv tərəfdaşı olmağı hədəfləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki