Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərini dəyərləndirmək məqsədilə Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən ibarət nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib.
Səfərdə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım, Türkiyə-ŞKTC dostluq qrupunun rəhbəri, Konya millət vəkili Orhan Ərdəm, Şimali Kipr Türk Cümhuriyyətinin sabiq millət vəkili və Şərqi Ağdəniz Universiteti Fondunun İdarə Heyətinin sədri Dr. Erdal Özcenk, universitetin rektoru professor Dr. Həsən Kılıç və ŞKTC Prezidentinin siyasi məsələlər üzrə müşaviri, DAÜ Vəqfi İdarə Heyətinin üzvü Anıl Kaya yer alır.
Doğru.az-ın məlumatına görə, səfərin əsas məqsədi Şərqi Ağdəniz Universiteti ilə Azərbaycan universitetləri arasında birbaşa əlaqələrin qurulması, qarşılıqlı tələbə mübadiləsi və azərbaycanlı tələbələrin Şimali Kiprdə təhsil almalarına şərait yaradılmasıdır.
Görüşlər çərçivəsində nümayəndə heyətinin yerli təhsil müəssisələrində rəsmi danışıqlar aparacağı, eyni zamanda gələcəkdə reallaşdırılması planlaşdırılan ortaq layihələrin təməlinin qoyulacağı gözlənilir.
Bu təşəbbüs, Azərbaycan və ŞKTC arasında təhsil sahəsində strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İlqam Cəbiyev
DOĞRU.AZ